2017-10-04
No:285/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı yanında üzv dövlətlərin səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul etdi.

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi barədə danışaraq, Azərbaycan və Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edti. Enerji, nəqliyyat və uzlaşma (connectivity) kimi sahələrdə əməkdaşlığa toxunan Nazir yeni sazişin siyasi, iqtisadi, ticarət, enerji, humanitar və digər sahələri əhatə edərək Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını nəzərə çatdırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında ətraflı məlumat verən Elmar Məmmədyarov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin yeganə nizamlanma yolu olduğunu bir daha bəyan edərək, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-ın Minsk Qrupunun həmsədrləri, eləcə də Ermənistan xarici işlər naziri ilə görüşünün keçirildiyini və həmsədrlərin bu həftə regiona səfər edəcəyini diqqətə çatdırdı.

Dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin beynəlxalq münasibətlərin təməl prinsipi olduğunu deyən Nazir Elmar Məmmədyarov bunun Avropa İttifaqının Qlobal Strategiya sənədində də təsbit olunduğunu vurğuladı.

Elmar Məmmədyarov həmçinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsi və nəqliyyat sahəsində Avropa İttifaqı üzv dövlətləri ilə əməkdaşlıq imkanlarından danışdı.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini üzvləri Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm mühitini, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşamasını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolunu, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafını, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və maliyyə islahatlarını təqdir etdilər.

Səmimi dialoq şəraitində keçən görüş əsnasında Nazir Elmar Məmmədyarov qonaqların Azərbaycanın qonşu dövlətlərlə münasibətləri, beynəlxalq gündəlikdə duran aktual məsələlərlə bağlı mövqeyi, regionda təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizədə oynadığı rolu və sair digər məsələlərə dair çoxsaylı suallarını cavablandırdı.

növbəti xəbər əvvəlki xəbər