2017-09-25
No:271/17, Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanın xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.

Görüşdə iki ölkə arasında münaibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırıldı.

Nazirlər İƏT çərçivəsində birgə fəaliyyəti təqdir etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.

Nazir Elmar Məmmədyarov ölkəmizin islam həmrəyliyinə verdiyi töhfələrdən danışdı və bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu, bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini qeyd etdi. Nazir, həmçinin, Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini dedi.

Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü, işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid abidələri vəhşicəsinə məhv etməsi, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları hədəfə alan əməlləri barəsində həmkarına məlumat verdi. Elmar Mammadyarov Səudiyyə Ərəbistanının ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğuladı.



növbəti xəbər əvvəlki xəbər