2017-09-15
No:252/17, Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikası Milli Assambleyasının Sədr müavini Bouttanavong Bounpone ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Milli Assambleyasının Sədr müavini Bouttanavong Bounpone ilə görüşüb.

Milli Assambleyanın sədr müavini Bouttanavong Bounpone Azərbaycan nümayəndə heyətini səmimiyyətlə qarşıladı və bu səfərin ölkələrimiz arasında dostluğun inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini deyən Nazir Elmar Məmmədyarov 18-20 iyun 2017-ci il tarixində Laoslu həmkarının Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırladaraq, Laosa ilk rəsmi səfərindən məmnunluq hissi keçirdiyini bildirdi.

Nazir Elmar Məmmədyarov parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviq edilməsinə diqqəti çəkdi.

Görüşdə tərəflər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladılar. Qeyd olundu ki, 2000-dən artıq laoslu Azərbaycanda təhsil alıb və onlar müxtəlif sahələrdə Laosun inkişafında yaxından iştirak edirlər.

Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək diqqəti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlara çəkdi.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndiriməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikri mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər