2017-08-17
No:218/17, Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib

Görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salındı və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin iyununda Polşaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd etdi. Polşanın Azərbaycanın mühüm tərəfdaşlarından olduğunu deyən Elmar Məmmədyarov iki ölkə arasında iqtisadiyyat, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi. Həmçinin, Nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafından danışdı və Polşanın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişi dəstəkləməsinin təqdir edildiyi bildirdi.

Jan Dziedziczak Azərbaycanın və paytaxt Bakının inkişafının yüksək təəssüratlar doğurduğunu qeyd etdi. O, Azərbaycanın Birinci Avropa Oyunları, Formula 1 kimi mötəbər yarışların keçirildiyi məkan olduğunu bildirdi və 41-ci Ümumdünya Skaut Konfransının Azərbaycanın ev sahibliyi ilə uğurla keçirildiyini diqqətə çatdırdı.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu deyən nazir müavini BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən bu ilki seçkilərdə Polşanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışdı və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğuladı. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. O əlavə etdi ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Görüşdə ictimai diplomatiya və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulandı və razılığa gəlindi ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyinə dair birgə fəaliyyət proqramı hazırlansın.

 

 
növbəti xəbər əvvəlki xəbər