2016-12-03
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşdü.

Görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov bir daha Türkiyədə törədilmiş dövlət çevriliş cəhdini qətiyyətlə pisləyərək Azərbaycan xalqı və dövlətinin həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanında olduğunu bildirdi. 

Mevlüt Çavuşoğlu ölkəsində baş vermiş dövlət çevrilişinə cəhddən sonra qardaş Azərbaycanın Türkiyənin yanında olmasını yüksək qiymətləndiriklərini diqqətə çatdırdı və Azərbaycan hökuməti və xalqına təşəkkür etdi. O, əlavə etdi ki, əməkdaşlığımız Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrlə daha da güclənir və inkişaf edir.

Tərəflər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini bildirdilər. Nazirlər TANAP layihəsi üzrə işlərin davam etdirildiyini qeyd etdilər.

Azərbaycan və Türkiyə arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək və birgə səylərin davam etdirildiyi vurğulandı.

Ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli formatlarda da inkişafının əhəmiyyəti qeyd olundu. Bu formatın daha da genişləndirilməsi yolları nəzərdən keçirildi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmkarına məlumat verdi.

Mevlüt Çavuşoğlu bəyan etdi ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər