2016-11-23
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları və gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğuladı. 

Azərbaycana səfər etməsindən məmnunluq ifadə edən Yan Liddel-Qrenqer ölkəmizin təşkilat ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirdi. Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisində də görüşlər keçirildiyini və faydalı müzakirələrin aparıldığını qeyd edən Yan Liddel-Qrenqer Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal rolunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər