2016-11-23
Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omaenin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair

Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda o, işğal olunmuş ərazilərimizə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu bildirərək, səfər ilə bağlı təəssüfünü ifadə edib və səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib. H.Omae Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb.

Məktubda Hitoşi Omae həmçinin ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq köməklik göstərilməsini xahiş edib.

Hitoşi Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

növbəti xəbər əvvəlki xəbər