2016-11-02
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Misirin baş naziri Şərif İsmayıl Məhəmməd ilə görüşüb

Görüş zamanı Azərbaycan və Misir arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıldı. Bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirildi. Həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd etdilər.

Baş nazir Şərif İsmayıl Məhəmməd nazir Elmar Məmmədyarovun Misirə səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirdi və belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın bütün ərəb dövlətləri, o cümlədən Misir ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirdi.

Görüşdə həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər