2016-10-13
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.

Nazir Elmar Məmmədyarov Erkan Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresində iştirakı və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü xüsusilə qeyd olundu.

Erkan Özoral iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkür etdi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanında olduğunu diqqətə çatdırdı.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyəti qeyd olunaraq, TANAP layihəsi üzrə işlərin uğurla davam etməsindən məmnunluq ifadə olundu. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə tamamlanacağı vurğulandı.

Səfir Erkan Özoral iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.

Elmar Məmmədyarov və Erkan Özoral həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

növbəti xəbər əvvəlki xəbər