2016-10-10
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb.

Görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Nazirlər iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, bu səfərin ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğuladılar.

Tərəflər ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimizin geniş potensiala malik olduğunu nəzərə çatdırdılar. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd olundu.

Görüş əsnasında İsveçrə şirkətlərinin Azərbaycanda həyata keçirilən nəqliyyat, xüsusilə dəmir yol layihələrində iştirak etməkdə maraqlı olduğu bildirildi.

Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq və İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, peşə təhsili üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini bildirdilər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıldı. 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə etdilər. 

Görüşdən sonra nazir Elmar Məmmədyarov və federal müşavir Didye Burkhalter “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişləri imzaladılar.

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza rəsmiləşdirilməsi asanlaşacaqdır.

  

növbəti xəbər əvvəlki xəbər