2016-09-30
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, keçmiş xarici işləri naziri Məhəmməd Orabi ilə görüşüb

Görüş zamanı Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı. İki ölkə arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğunu qeyd olunaraq, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylər göstərilməsinin vacibliyi vurğulandı.

Məhəmməd Orabi Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun müasir dünyanın ən mühüm çağırış və problemlərinə dair məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olduğunu qeyd etdi.

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə etdilər.

Həmçinin parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi zəruriliyini vurğuladılar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verdi. O, Misirin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə həmçinin Yaxın Şərq böhranı, miqrasiya problemi, terrorizmə qarşı mübarizə və digər beynəlxalq və regional məsələlər müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər