2016-09-29
Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisiya Ximenezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüş zamanı tərəflər Azərbaycan və Argentina arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi apardılar. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əzmlərini ifadə etdilər.

Xanım Patrisiya Ximenez Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirdi. O, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün ideal məkan olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov müasir aktual problemlərin birgə səylərlə həll olunması, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu elmi-siyasi platforma kimi Bakı Humanitar Forumunun əhəmiyyəti haqda danışaraq, forumda daha çox müraciət olunan müxtəlif sivilizasiyalar, mədəniyyətlət və dini konfessiyalar arasında dinc birgə yaşama, multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi kimi məsələlərdə Azərbaycanın dünyaya nümunə olduğunu qeyd etdi.

Görüşdə həmçinin dini zəmində baş verən münaqişələr, terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər