2016-09-28
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Milli Konqresinin birinci vitse-prezidenti xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Milli Konqresinin birinci vitse-prezidenti xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafı, gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd etdi. 

Elmar Məmmədyarov Kolumbiya hökuməti və "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişinin imzalanması münasibətilə Kolumbiya xalqına təbriklərini çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı kolumbiyalı parlamentarilərə ətraflı məlumat verən E.Məmmədyarov rəsmi Yerevanın təcavüzkar və destruktiv siyasət yürütməsi nəticəsində münaqişənin hələ də həll olunmadığını təəssüflə qeyd etdi. Nazir həmçinin Kolumbiyanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

O, Kolumbiyanın dəstəyi ilə ADA Universitetində təşkil olunan ispan dili kurslarının praktiki əhəmiyyətini qeyd etdi.

Xanım Daira de Xezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. O, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın təşviq edilməsi, eləcə də regionlararası təmasların artırılmasının zəruriliyini vurğuladı. Qonaqlar Bakıda keçirilən Humanitar Forum və onun gündəliyində duran məsələlərin müasir dünya üçün aktual xarakter daşıdığını bildirdilər.

Görüşdə həmçinin iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər