2016-03-16
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu diqqətə çatdırdı. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən Elmar Məmmədarov əlavə etdi ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini nəzərə çatdırdı.

Herbert Salber Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirərək, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğuladı. 

Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, “Cənub Qaz” dəhlizinin vacib komponentləri olan TAP” və “TANAP” layihələrinin əhəmiyyəti qeyd olundu. Eləcə də, tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər