2016-03-14
Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çinin xarici işlər naziri Yanq İ ilə görüşüb

Çinin xarici işlər naziri Yanq İ xarici işlər naziri Elmar Məmmədyarovu salamlayaraq, ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğu bildirdi. Yanq İ Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə dair Memorandumun imzalanması münasibətilə təbriklərini çatdırdı və ölkəsinin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnun olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8-11 dekabr 2015-ci il tarixində Çinə səfərini xatırladaraq, bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni səviyyəyə qalxmasına təkan verdiyini xüsusilə qeyd etdi.

Azərbaycan və Çinin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin yaxınlığını deyən Elmar Məmmədyarov hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığını dəstəklədiklərini vurğuladı. Elmar Məmmədyarov bu mövqeyin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Çinə səfəri zamanı hər iki ölkənin rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də bir daha təsbit olunduğunu diqqətə çatdırdı.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan Elmar Məmmədyarov bu xüsusda hökumətlərarası müştərək komissiyanın əhəmiyyətli rolunu qeyd etdi. Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəklədiyini deyən Elmar Məmmədyarov ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi olduğunu bildirdi. O, sınaq məqsədilə Çindən olan konteyner qatarlarının bu marşrut üzrə uğurla son məntəqəyə çatdığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə işə düşməsi ilə bu imkanların daha da artacağını nəzərə çatdırdı.

Ermənistanın Azərbaycan münaqişəsi haqqında həmsöhbətə ətraflı məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin regional sülh və təhlükəsizlik üçün əsas hədə olduğunu söylədi.

Yanq İ iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik çıxdığını, Çinin nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu dedi. O, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər