2015-12-04
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT nazirlər şurasının 22-ci iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı. Münaqişənin regional sülh və təhlükəsizliyi üçün başlıca təhdid olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar Avropa İttifaqının qətiyyətli və birmənalı mövqe ifadə etməsinin vacibliyini vurğuladı. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca atəşkəsin pozulması və insidentlərin yaranmasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğundan irəli gəldiyini bildirdi.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini nəzərə çatdırdı.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər