2015-11-11
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Federasiyası və Xalq nümayəndələr Palatasının yeni seçilmiş sədrləri ilə görüşüb

Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri Elman Abdullayev yeni seçilmiş Efiopiya Federasiyasının sədri cənab Yale Abate Reta və Xalq nümayəndələr Palatasının sədri cənab Abadula Gemeda ilə görüşüb.

Görüş zamanı E.Abdullayev Y.A.Retanı və A.Gemedanı bu vəzifələrə seçilmələri münasibətilə təbrik edərək, onlara yeni fəaliyyətlərində uğurlar arzuladı.

Sədr Y.A.Reta və A.Gemeda səmimi təbriklərə görə səfir E.Abdullayevə təşəkkürlərini bildirdilər. Efiopiyalı rəsmilər Azərbaycan və Efiopiya arasında olan münasibətlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğuladılar.

Görüş zamanı Efiopiyanın Xalq Nümayəndələr Palatasının sədri A.Gemeda 2013-cü ildə Azərbaycana səfər etdiyini qeyd edərək, ölkəmizdə sürətli inkişaf, sabitlik və yüksək tolerantlıq ənənələrinin şahidi olduğunu bildirdi. O, bütün bu nailiyyətlərin Azərbaycan rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasəti və qəti iradəsi nəticəsində əldə olunduğunu vurğuladı. A.Gemeda Azərbaycan hökumətinin ölkə miqyasında və regional səviyyədə inkişafın əldə olunmasında ardıcıl səylərinin təqidərlayiq olduğunu nəzərə çatdırdı.

Azərbaycan və Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulandı.

 

növbəti xəbər əvvəlki xəbər