2015-11-02
Xarici işlər naziri Elmar Məmmədyarov deputat Luke Simpkinsin rəhbərlik etdiyi Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirən nazir Elmar Məmmədyarov bu xüsusda qarşılıqlı səfərlərin mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edən Elmar Məmmədyarov iki ölkənin qanunverici qanunvericilik orqanlarında dostluq qruplarının təsis edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı.

Azərbaycan üzrə Parlamentlərarası Dostluq Qrupunun sədri Luke Simpkins uğurlu parlament seçkiləri ilə əlaqədar təbriklərini çatdıraraq, seçki müşahidə missiyası kimi seçkilərdə iştirak etdiklərini və seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd etdi. Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edən Luke Simpkins Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyini nailiyyətlərinin onlarda böyük təəssüratlar yaratdığını bildirdi.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər