2015-10-22
Xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədrini qəbul edib

Xarici işlər nazirinin müavini Xələf Xələfov 21 oktyabr 2015-ci ildə İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nur Xolisin ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Xələf Xələfov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək Azərbaycanın İndoneziya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu və iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında danışan Xələf Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını qeyd etdi. BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirdi. Ermənistan tərəfindən BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsinin 20 ildən artıqdır yerinə yetirilməməsinə qarşı heç bir effektiv tədbirin görülmədiyini vurğuladı.

Ermənistan tərəfindən törədilən vəhşiliklər, xüsusilə Xocalı soyqırımını qeyd edən nazir müavini Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, Azərbaycanın hüquqlarının bərpa edilməsi üçün hökumətimiz tərəfindən beynəlxalq səviyyədə göstərilən səylərdən danışdı. O, bu xüsusda Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkə parlamentlərində qəbul edilmiş qətnamələri, həmçinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qətnaməni diqqətə çatdırdı.

Nur Xolis ölkəsinin Azərbaycanla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi. Ölkəmizdə səfərinin əsas məqsədinin Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarət olduğunu bildirdi.

Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər