2015-10-13
Xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycan Respublikasındakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə Azərbaycan və İraq xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu vurğulandı.

Nazir Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə iki ölkə əlaqələrin inkişafına həsr edilmiş məhsuldar görüşünü xatırladı.

Səfir Heydər Şiyə Qubeyşi əl-Barrak diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi. O, Bakı və Bağdad arasında açılan birbaşa hava uçuşlarının iki ölkə arasında iqtisadi-ticarət, turizm və insanlararası əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov səfir Heydər Şiyə Qubeyşi əl-Barraka gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər