2015-10-13
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vialı qəbul edib

Patrik Vial Azərbaycan və BQXK arasında 20 ildə çox bir dövrü əhatə edən əməkdaşlıqdan və regional səfəri çərçivəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək, keçirdiyi səmərəli görüşlər barəsində məlumat verdi.

Komitənin Azərbaycanda fəaliyyət istiqamətləri haqqında məlumat verən P.Vial bu xüsusda təcridxanaların şəraiti, cəbhə xəttinə yaxın ərazilərdə mülki şəxslər üzrə iş və itkin düşmüş şəxslərin taleyi kimi sahələri qeyd etdi. Azərbaycanda penitensiar sistemin inkişafı və təcridxanalarda şəraitin əsaslı şəkildə yaxşılaşdırılmasını xüsusi olaraq diqqətə çatdırdı.

Əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfinin narahatlıqlarını bölüşən P.Vial ailə üzvlərinin itkin düşmüş yaxınları haqqında məlumat əldə etmək hüququnu bir daha xatırlatdı. Azərbaycan və Ermənistan Prezidentlərinin 2014-cü il Paris görüşündə əldə edilmiş, itkin düşmüş şəxslər üzrə məlumatların mübadiləsini ehtiva edən razılaşmanın bu sahədə irəliləyişlərə təkan verəcəyinə ümidvar olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov əsir və itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı BQXK-in nəcib xarakterli fəaliyyətini qeyd edərək, Ermənistanın sırf humanitar xarakter daşıyan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməsinə ciddi ehtiyac olduğunu vurğuladı. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının sənədləşdirilmiş şəkildə itkin düşmüş şəxs hesab olunduğunu diqqətə çatdırdı. O, bu şəxslərin əksəriyyətinin Ermənistan tərəfindən qətlə yetirildiyi, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırıldığını dedi.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin 2014-cü ildə Parisdə keçirilmiş görüşündə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, bioloji məlumat bazasının yaradılması üzrə humanitar xarakter daşıyan bu təklifə Azərbaycanın dərhal müsbət münasibət bildirdiyini xatırlatdı. Ermənistanın etimad quruculuğuna xidmət edəcək bu təklifdən müxtəlif bəhanələrlə yayandığını, itkin düşmüş şəxslər və kütləvi məzarlıqlar barədə məlumat mübadiləsinə imkan vermədiyini diqqətə çatdırdı.

Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin ata-analarının qəbirlərini ziyarət edərkən öz tarixi torpaqlarında Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülməsi məsələsini gündəmə gətirən Elmar Məmmədyarov Ermənistanın bu şəxsləri dərhal azad etməsi üçün beynəlxalq təsisatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən səylərin artırılmasının vacibliyini vurğuladı.

Nazir Ermənistan tərəfindən mülki əhalinin hədəf seçilərək atəşə tutulması hallarının artmasının yolverilməz olduğunu deyərək, 1 sentyabr 2015-ci il tarixində Tərtər rayonunun Qapanlı kəndində toy mərasiminin atəşə tutulmasının nəticələrinin beynəlxalq humanitar hüququn pozulmasına əyani sübut olduğunu diqqətə çatdırdı. Ümumilikdə isə cəbhə boyunca atəşkəsin pozulmasının və itkilərin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu əlavə etdi.

Nazir həmçinin qonağa Ermənistan tərəfindən Suriyadan olan erməni mənşəli şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayaraq, bu məsələnin BQXK-nin mandatı əsasında araşdırılmalı olduğunu bildirdi. Ermənistan tərəfindən Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasının davamlı və sistematik hal aldığını nəzərə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlərlə yanaşı, Avropada miqrasiya böhranı ətrafında geniş fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər