2015-10-09
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Filip Stalderi qəbul edib.

Görüşdə səfir Filip Stalder etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirdi. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.

Səfir Filip Satelder ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi. O, İsveçrənin vaqon, sement istehsalı, əczaçılıq, tikinti və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərinin uğurla Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd etdi.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulandı.

Sonda nazir Elmar Məmmədyarov səfir Filip Stalderə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər