2015-10-09
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Suzan Gəmil Nouhu qəbul edib.

Görüşdə səfir Suzan Gəmil Nouh etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu qeyd olunaraq, birgə səylərlə iqtisadiyyat, elm-təhsil, enerji, kənd-təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edildi. Hökumətlərarası birgə əməkdaşlıq komissiyasının fəaliyyətinin və iki ölkə arasında birbaşa hava uçuşlarının ikitərəfli iqtisadi-ticarət və turizm əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulandı.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında qarşılıqlı dəstəyin və əlaqələndirmənin vacibliyi ifadə olunaraq, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar qeyd olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, BMT TŞ-nın münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsini diqqətə çatdırdı. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən kimin təcavüzkar, kimin isə təcavüz və işğala məruz qalan ölkə olmasının aydın şəkildə müəyyən olunduğunu deyən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyinin də birmənalı xarakter daşımalı olduğunu vurğuladı. Azərbaycanın hər bir halda beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağını qeyd edən nazir ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş hüququndan da istifadə etmək iqtidarında olduğunu bildirdi. O, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın qəti mövqeyinin BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını dedi.

Görüş zamanı səfir ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunlarının möhtəşəm təşkili edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Səfir Misirin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırdı.

Görüşdə Yaxın Şərq və Şimali Afrika regionunda cərəyan edən proseslər barəsində fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Səfir Suzan Gəmil Nouha diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər