2015-10-06
Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikası Milli Assambleyasının sədri Ruben De Leon Sançez ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində 5 oktyabr 2015-ci il tarixində Panama Respublikası Milli Assambleyasının sədri Ruben De Leon Sançez ilə görüşüb.

Panama parlamentinin sədri nazir Elmar Məmmədyarovu ölkəsində salamlayaraq iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfəri yüksək qiymətləndirdiyini vurğuladı. Azərbaycanın xarici işlər nazirinin səfərinin iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaratdığını qeyd etdi.

Nazir E.Məmmədyarov Panamanın parlament sədrinə Azərbaycanın siyasi-iqtisadi və sosial sahədə əldə etdiyi nailiyətləri və beynəlxalq səviyyədə qazandığı uğurları haqqında məlumat verdi. Azərbaycanın Latın Amerikası və Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi.

İki ölkə arasında da əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin hər iki ölkə və onun xalqlarının mənafeyinə cavab verdiyini bildirdi. Azərbaycan və Panama arasında beynəlxalq təşkilatlar, xüsusən BMT və Qoşulmama Hərəkatı çərçivəsində yaxın əlaqələrin mövcud olduğunu bildirən nazir əksər məsələlərdə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü qeyd etdi.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və doğurduğu fəsadları, həmçinin münaqişənin həlli istiqamətində aparılan danışıqlar barədə parlament sədrinə ətraflı məlumat verən nazir Elmar Məmmədyarov Panama parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, həmçinin Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinə görə təşəkkürünü ifadə etdi.

Ruben De Leon Sançez Azərbaycanın inkişafı və Ermənistan-Azərbaycan münaqişəsi haqqında verilən ətraflı məlumata görə təşəkkür edərək ölkəsi üçün də ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin vacib olduğunu qeyd etdi. Panama parlamenti tərəfindən qəbul edilmiş sənədin demək olar ki bütün parlamentarilərin iştirak etdiyi ümumi iclasda yekdilliklə qəbul edildiyini vurğuladı.

Azərbaycan haqqında çoxlu müsbət məlumatlara malik olduğunu bildirən sədr Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafında parlament diplomatiyasının əhəmiyyətinə diqqət çəkərək Panama parlamentinin sədrinin Azərbaycana səfər niyyətinin alqışlandığını qeyd etdi.

 

növbəti xəbər əvvəlki xəbər