2015-10-01
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 30 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser ilə görüşüb.

Görüş zamanı ali nümayəndə Azərbaycan Respublikasının mədəniyyətlərarası dialoq və anlaşmaya verdiyi töhfələri yüksək qiymətləndirərək Azərbaycanın 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün təşəkkürünü bildirdi. Bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ali nümayəndə ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi bu foruma da Azərbaycanın layiqincə ev sahibliyi edəcəyinə əminliyini ifadə etdi.

Nazir E.Məmmədyarov Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə önəm verdiyini və Sivilizasiyalar Alyansı Dostlar Qrupunun üzvü kimi Alyansın məqsədlərinin həyata keçirilməsi üçün bir sıra təşəbbüsləri uğurlu həyata keçirdiyini diqqətə çatdırdı.

Daha sonra 2016-cı il Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər