2015-09-28
Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasının xarici işlər naziri Rui Maçete ilə görüşüb

Xarici işlər naziri  Elmar Məmmədyarov 27 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşüb.

Görüşdə portuqaliyalı nazir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd etdi. O, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu diqqətə çatdırdı. 

Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyi və eləcə də potensial sərmayə imkanları haqqında məlumat verən nazir Elmar Məmmədyarov uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın qısa müddət ərzində davamlı siyasi, iqtisadi və sosial inkişafa nail olduğunu bildirdi. Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin qısa müddət ərzində həyata keçirilməsi üzrə təcrübəsinin BMT-nin müvafiq strukturları tərəfindən nümunəvi hal kimi təqdir olunduğunu deyən nazir dünyada özünü biruzə verən iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etdiyini və bu il yüksək iqtisadi artım tempinin qeydə alındığını vurğuladı.  

Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnamənin qəbuledilməz və qərəzli olduğunu deyən nazir bu qurumda təmsil olunan  bəzi qüvvələrin məqsədyönlü şəkildə anti-Azərbaycan və İslamafobiya meylli siyasət yürütdüklərini söylədi. 

Daha sonra miqrasiya və beynəlxlaq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Portuqaliyalı nazir miqrantlarının qəbulunun, xüsusilə onların cəmiyyətə inteqrasiya edilməsi, təhsil və səhiyyə kimi əsas ehtiyaclarının təminatının problemli məsələ olduğunu nəzərə çatdırdı.

Nazir Elmar Məmmədyarov bu problemlərlə mübarizənin əsas yollarından birinin multikulturalizmin təşviq edilməsi olduğunu qeyd etdi və Azərbaycanın bu sahədə mövcud müsbət təcrübəsi barəsində məlumat verdi. 

Görüş zamanı Nazir Elmar  Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barasində danışaraq, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını nəzərə çatdırdı. Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astansında qoyduğunu qeyd edən nazir əlavə etdi ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.   

 

növbəti xəbər əvvəlki xəbər