2015-04-30
Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi İndoneziyada keçirilmiş beynəlxalq məsləhətləşmələrdə təmsil olunub

29-30 aprel tarixlərində Asiya-Sakit okean ölkələrinin iştirakı ilə Cakartada təşkil olunmuş “İnkişaf naminə maliyyələşmə” məsələlərini əhatə edən yüksək səviyyəli məsləhətləşmələrdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Inkişafa Yardım Agentliyi (AİDA) təmsil olunub.

Dünyanın ənənəvi və yeni donor ölkələrinin nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorun ekspertlərinin iştirak etdiyi yüksək səviyyəli məsləhətləşmələr BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (ECOSOC) və Indoneziyanın Maliyyə Nazirliyinin təşəbbüsü ilə təşkil edilmişdir. Tədbir cari ilin 13-16 iyul tarixlərində Efiopiyanin paytaxti Əddis-Əbəbə şəhərində nazirlər səviyyəsində keçiriləcək “İnkişaf naminə maliyyələşmə” üzrə üçüncü beynəlxalq konfransa hazırlıq məqsədi daşıyır.

İclasda çıxış edən AİDA-nın rəisi Əşrəf Şıxəliyev hazırda beynəlxalq inkişaf sahəsində gedən proseslərə toxunaraq Cənub-Cənub əməkdaşlığının inkişafının əhəmiyyəti və yeni donor ölkələrin qlobal tərəfdaşlığa verdiyi töhfədən danışib. O, qeyd edib ki, hazırda Azərbaycan və digər yeni donor ölkələri müxtəlif sahələrdə əldə etdikləri ən yaxşı təcrübələrini və yardımlarını inkişaf etməkdə olan ölkələrlə paylaşaraq dünyada inkişafın və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə əsasli zəmin yaradırlar.

 

növbəti xəbər əvvəlki xəbər