2015-04-28
Azərbaycan və İspaniya arasında XİN-lər arası siyasi məsləhətləşmələr keçirildi

28 aprel 2015-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan və İspaniya arasında XİN-lər arası siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Xələf Xələfov və İspaniyanın Xarici işlər nazirliyinin xarici siyasət və təhlükəsizlik üzrə baş direktoru cənab Enrike Mora arasında görüş keçirildi.

Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Xələf Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirdi.

Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaş əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən cənab Xələf Xələfov, İspaniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın səylərini dəstəkləyəcəyinə ümidini bildirdi.

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən Enrike Mora, həmkarı ilə razılaşaraq, əməkdaşlığın inkişafı üçün daha yüksək potensialın olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İspaniyaya rəsmi səfərinin tezliklə baş tutmasında maraqlı olduqlarını vurğulayan Enrike Mora, ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd etdi.

Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edən Xələf Xələfov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək, münaqişənin tezliklə həll olunması üçün BMT, Avropa İttifaqı, ATƏT kimi mühüm təşkilatlar tərəfindən təsirli addımların atılmasının vacibliyini vurğuladı.

Etnik və dini fərqliliyə görə separatizmin dəstəklənməsinin və dövlətlərin parçalanmasına cəhd edilməsinin demokratik prinsiplər ilə ziddiyyət təşkil etdiyini qeyd edən Enrike Mora, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin İspaniya üçün fundamental prinsip olduğunu vurğuladı. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiklərini bildirdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər