2015-04-15
Xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin 14-15 aprel tarixlərində Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin 14-15 aprel tarixlərində Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi dialoqun və əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik etdi və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə etdi.

Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, digər sahələrdə də strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirdi. O əlavə etdi ki, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı faydalı xarakter daşımalıdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən Elmar Məmmədyarov digər münaqişə məsələlərində olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının vacibliyini vurğuladı. Nazir Elmar Məmmədyarov dedi ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Edqar Rinkeviçs Latviyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırdı.

O, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etdi və Azərbaycan sərmayələrinin Latviyaya cəlb edilməsində maraqlı olduqlarını vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər