2015-04-15
Xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin 14-15 aprel tarixlərində Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb

Azərbaycanın Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaş olduğunu bildirən İnara Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu bildirdi. Hər iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu bildirən latviyalı spiker Şərq Tərəfdaşlığı çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi.

Parlamentlərarası diplomatiyanın vacibliyini vurğulayan Nazir Elmar Məmmədyarov iki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu bildirdi. O, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycan və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını qeyd etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən Nazir Elmar Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olması və regional inkişaf üçün münaqişənin həllinin vacibliyini diqqətə çatdırdı. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə tələb olunduğu kimi münaqişənin həlli üçün ilk növbədə Ermənistan sılahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin vacibliyinə toxunan Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu və digər sahələrdə də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər