2014-12-17
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin şərhləri
Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə “azbarez.com” saytında Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin 8 dekabr tarixində Ermənistan Milli Assambleyasının sədri Qalust Saakyan ilə keçirdiyi birgə mətbuat konfransında "Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi Dağlıq Qarabağ Respublikasının da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı?" sualına cavab olaraq Danilo Astori tərəfindən "Mənim ölkəm bu istiqamətdə işləyir", deməsi kimi məlumatlar yayılmışdır.
 
Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət etmişdir.
 
Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilmişdir ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılmışdır.  
 
Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini demişdir.
növbəti xəbər əvvəlki xəbər