2014-12-15
Nazir Elmar Məmmədyarov AŞPA-nın “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi”nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi” Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ən böyük problemin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu bildirmişdir. O bildirmişdir ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal və təcavüz faktı aradan qaldırılmalıdır.
 
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan Nazir Elmar Məmmədyarov Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini bildirmişdir.
 
Milisa Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı və Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd etmişdir.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.    
 
növbəti xəbər əvvəlki xəbər