2014-12-15
XİN-nin Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin şərhləri
Ermənistan yenə də hər hansı mənəvi, etik, hüquqi və insani dəyərlərdən kənar şəkildə Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş Qevorkyan ailəsini əsassız təbliğat vasitəsinə çevirmişdir.   
 
Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutmuş və üçüncü ölkəyə keçmək niyyətində olmuşdur. Ailənin başçısı Yegişe Gevorkyan  kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməmişdir.
 
Azərbaycanda olduğu müddətdə Qevorkyan ailəsi münasib mənzil, qida və lazımı həyat şəraiti ilə təmin edilmişdir. Qevorkyan ailəsinə daimi əsasda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilmiş, onların saxlama şəraitindən həmişə razılıq ifadə edilmiş və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilmişdir.
 
Ermənistanda aparılmış tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut etmişdir.
 
Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur edilmişlər. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşmişdir.
 
Beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyinə və soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qoyulduqları işgəncələrə biganə qalmamalıdır.  
növbəti xəbər əvvəlki xəbər