2014-12-12
Nazir Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Taqi Xəlilini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ənənəvi dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunmuşdur.
 
Nazir Elmar Məmmədyarov Azərbaycanın dost ölkə olan Əfqanıstan ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, elm-təhsil, təlim, sərmayələr, humanitar, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvarlığını ifadə etmişdir.
 
Səfir Məhəmməd Tağı Xəlili ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Heydər Əliyevin əziz xatirəsinə ehtiramını ifadə etmişdir.
 
Azərbaycanın Əfqanıstana humanitar, maddi-texniki, təlim və təhsil sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir cəsur Azərbaycan əsgərlərinin Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin tərkibində Əfqanıstanda sülh və təhlükəsizlik naminə xidmətinin Əfqanıstan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır. Səfir Məhəmməd Taqi Xəlili Azərbaycanın inkişaf təcrübəsinin ölkəsi üçün örnək olduğunu demişdir.
 
Görüşdə iki ölkə arasında müqavilə hüquq-bazasının inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
 
Səfir Məhəmməd Taqi Xəlili etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etmişdir.
 
Nazir Elmar Məmmədyarov səfir Məhəmməd Taqi Xəliliyə diplomatik fəaliyyətində uğurlar arzu etmişdir.
 
Səfir Məhəmməd Taqi Xəlili diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.  
 
 
 
 
 
 
növbəti xəbər əvvəlki xəbər