2014-12-05
Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür
Nazir Elmar Məmmədyarov 2014-cü ilin 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşmüşdür.
 
Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son durumu haqqında fikir mübadiləsi aparılmışlar.
 
Həmçinin, Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikanın iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş təxribat xarakterli hərbi təlimlər ilə bağlı fikir mübadiləsi aparılmışdır. Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər münaqişənin həlli istiqamətində əldə olunmuş müsbət meyllərə mənfi təsir etdiyi qeyd edilmişdir.
 
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən nazir Elmar Məmmədyarov bir sıra Avropa İttifaqı üzv ölkələr ilə Azərbaycanın münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və Aİ ilə də münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını diqqətə çatdırmışdır.

 

növbəti xəbər əvvəlki xəbər