2014-12-04
Nazir Elmar Məmmədyarov Finlandiyanın xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşmüşdür.

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsi qeyd edilmiş və Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin əhəmiyyəti vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək bildirmişdir ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Ermənistanın münaqişənin həlli prosesinə əngəl yaratdığını deyən Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş və təxribatçı məqsədlərə xidmət edən genişmiqyaslı hərbi təlimləri diqqətə çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər