2014-12-03
Xarici işlər nazirinin müavini Xələf Xələfov Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

3 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovla Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bord İvar Svendsen arasında Xarici İşlər Nazirliyində görüş keçirilmiş və iki ölkə arasında münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. 

Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanmışdır. 

İmzalanmış sənədlər Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını və Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur. 

Sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. 

 
növbəti xəbər əvvəlki xəbər