2014-11-05
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqton ilə birgə mətbuat konfransı
Nazir Elmar Məmmədyarov: Xanımlar və cənablar, xoş gəlmisiniz! Böyük Britaniya və Şirmali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri cənab Deyvid Lidinqton Azərbaycanda səfərdədir. Biz artıq geniş tərkibdə danışıqları bitirdik. Görüşdə regionda olan vəziyyəti müzakirə etdik. Cənab Lidinqton üçün böyük maraq kəsb edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq. Bilirsiniz ki, cənab Lidinqton İrəvanda səfərdə olmuşdur və orada münaqişə məsələsinə toxunmuş və müzakirələr aparmışdır. Mən Azərbaycanın mövqeyini cənab Lidinqtona bildirmişəm. Parisdəki görüş haqqında ona məlumat vermişəm. Azərbaycanın mövqeyi bundan ibarətdir: sülhə nail olmaq üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır və bu regionun inkişafına, sülhə və stabilliyə böyük imkanlar yaradacaqdır.
 
Sual: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət və tərəflərin mövqeləri nədən ibarətdir?
 
Nazir Elmar Məmmədyarov: Ümumiyyətlə, münaqişə ilə bağlı prinsiplər artıq müəyyənləşdirilib. Böyük sülh sazişinin layihəsi üzərində işlərin başlanılması Fransa Prezidenti tərəfindən də təklif edilmişdir. Azərbaycanın mövqeyi birmənalıdır. Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır. Azərbaycan Fransa Prezidentinin təklifi ilə razıdır və sülh sazişi üzərində işləməyə hazırdır. Prinsiplər siyasi xarakterlidir. Saziş isə hüquqi sənəddir. O, ratifikasiyadan keçməlidir. Ona görə biz gərək böyük sülh sazişi üzrə işimizi başlayaq. Erməni qoşunları öz ərazilərindəki hərbi hissələrinə qayıtmalıdır.
 
Sual: Cənab Lidinqton Azərbaycandan əvvəl siz Ermənistanda olmusunuz. Ermənistan Avrasiya İqtisadi birliyinə üzv olmuş dövlətdir və hələdə Avropa Birliyinə can atır. Serj Sarqsyan britaniyalı jurnalistlərinə Xocalıda törətdiyi cinayətlər haqqında fəxr ilə danışıb və insaniyyətə qarşı cinayət əməlləri törədib. Bu şəxslə diplomatik işbirliyi qurmaq və danışmaq nə dərəcədə mümkündür?  
 
Nazir Elmar Məmmədyarov: Ermənistan insan hüquqlarından danışmaqla yanlış məlumatlar yayır. Sanki özünü demokratik bir ölkə kimi aparır. Ermənistanın törətdiyi əməllərin nəticəsi olaraq, bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Onların hüquqları Ermənistan tərəfindən pozulduğu halda, Ermənistanın insan haqlarından danışmağa haqqı yoxdur. Bunlar ilk növbədə Ermənistanın rəhbərliyinin əməllərindən irəli gəlir: Xocalı faciəsi, qaçqın və məcburi köçkünlərinin öz doğma yerlərindən qovulması. Cənab Lidinqton bu gün öz gözü ilə qaçqın və məcburi köçkünləri görmüşdür. Ermənistanın hər hansı bir səviyyədə insan haqlarından danışması qəbuledilməzdir. Bu nəinki yanlış, hətta utanc doğuran məsələdir.
 
Sual: Bir neçə gün bundan əvvəl Ermənistanın müdafiə naziri S.Ohanyan bildirmişdir ki, əsir düşənlərin qaytarılması üçün üçüncü dövlətə ehtiyac yoxdur. Ümumiyyətlə buna münasibət bildirməyinizi istəyirəm. Eləcə də Kəlbəcərdə əsir düşən azərbaycanlıların vəziyyəti və qanunsuz məhkəmə məsələsi nə yerdədir?
 
Nazir Elmar Məmmədyarov: Bu məsələ bizim diqqətimizdədir. Parisdə olarkən həmsədrlər qarşısında bir daha bu məsələni qaldırdıq. Həmsədrlər Bakıda olarkən, cənab Prezident özü də bu məsələni qaldırmışdı. Həmsədrlər Yerevanda olarkən, öz növbələrində bu məsələyə toxunmuşdular. Rusiyadan olan həmsədrlə danışarkən o mənə söz verdi ki, bu məsələni onlar izləyəcək və məşğul olacaqlar. Bu müəyyən vaxt aparır. Əminliklə deyə bilərəm ki, Xarici İşlər Nazirliyi olaraq, Azərbaycan tərəfi bu məsələni diqqətlə izləyir. Bu məsələni belə boş buraxmayacağıq. Həmsədrlər ilk növbədə məsələ ilə məşğul olmalıdırlar və onlar bununla məşğul olurlar. Bu bir az vaxt tələb edəcək. Amma mən inanıram ki, biz onları geri qaytaracağıq. Buna mənim şübhəm yoxdur. Məhkəmənin qanunsuz olduğunu siz özünüz də dediniz.
 
növbəti xəbər əvvəlki xəbər