2014-10-31
Pakistanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilmişdir

30 oktyabr 2014-cü il tarixində Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilmişdir.

Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının  Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları,  təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak etmişlər.
 
Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirmişdir. O, bu ilin 23 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən sel daşqınları və leysan yağışlardan zərər çəkmiş insanlara  humanitar yardım aksiyasına start verildiyini bildirmişdir.
 
Mərasimdə çıxış edən səfir Daşqın Şikarov Azərbaycan və Pakistan arasında olan yüksək səviyyəli əlaqələrdən danışmışdır. O, eyni zamanda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA)  fəaliyyəti haqqında geniş məlumatlar vermiş,  AİDA-nın 30-dan çox  Latın Amerikası, Afrika və  Asiyada yerləşən ölkələrdə  müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulamışdır. Bildirilmişdir ki AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra etmiş və bununla da on minlərlə insanı içməli su ilə təchiz edilmişdir.
 
Təbii fəlakətdən zərər çəkmiş insanlar adından danışan bölgənin ağsaqqalı Şahnavaz Raca təbii fəlakətin fəsadlarından danışmış, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.
 
Mərasimin sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi adından zərərçəkmiş insanlara qida paketləri paylanılmışdır.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən edilmiş humanitar yardım - qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılmışdır. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edildir. Yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə etmişdir.
 
 
 
növbəti xəbər əvvəlki xəbər