2014-10-30
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

2014-cü ilin 30 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan İlə Xorvatiya arasında sıx münasibətlərin olduğunu bildirən nazir Elmar Məmmədyarov əlaqələrimizin cari durumunu yüksək qiymətləndirmişdir. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətini diqqətə çatdıran nazir Elmar Məmmədyarov bu kimi səfərlərin gələcəkdə daha da artırılmasının  vacibliyini diqqətə çatdırmışdır.
 
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirən Vesna Pusiç Xorvatiyanın Azərbaycan ilə enerji sektoru sahəsində əməkdaşlıqla maraqlı olduğunu bildirmişdir. Vesna Pusiç ölkələrimizin bir sıra sahələrdə, xüsusilə gəmiqayırma sahəsində  uğurlu əməkdaşlıq etdiyini qeyd etmişdir.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Xorvatiyanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini demişdir.
 
Həmçinin, görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayələrin təşviqi, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
 
 
növbəti xəbər əvvəlki xəbər