2014-10-21
Nazir Elmar Məmmədyarov Litva Respublikasının Xarici İşlər Naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
2014-cü ilin 21 oktyabr tarixində Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Xarici İşlər Naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə ölkələrimizin mövqeyinin yaxın olduğunu qeyd edərək, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. 
 
İki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən litvalı nazir ölkəmizin Litvanın Cənubi Qafqaz regionda üzrə əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdırmışdır. O, bu səfər çərçivəsində Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin məmnunluq doğurduğunu bildirmişdir.  
 
Avropa İttifaqı ilə əməkdaşlıq və Şərq Tərəfaşlığı proqramına toxunan Linas Linkeviçius ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırmışdır.  
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır. 

Görüş əsnasında  elm-təhsil, mədəniyyət, idman və digər humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 

 

 

növbəti xəbər əvvəlki xəbər