2014-10-14
Azərbaycan Respublikasının Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini təqdim etmişdir

Cari ilin oktyabrın 8-də Azərbaycan Respublikasının Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Qayana Respublikasının prezidenti Donald Ramotara təqdim etmişdir.

Səfir E.Sultanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını prezident Donald Ramotara çatdıraraq, Azərbaycanın Qayanada ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirmiş və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd etmişdir.
 
Qayananın prezidenti D.Ramotar Prezident İlham Əliyevə ən xoş salamlarının çatdırılmasını xahiş edərək iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə oxşar mövqelərdən çıxış etdiyini vurğulamış və ticarət, kənd təsərrüfatı, energetika, təhsil, elm kimi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq üçün imkanların olduğunu qeyd etmişdir.
 
Qayana Respublikasına səfəri çərçivəsində səfir E.Sultanov Qayana Xarici işlər naziri Karolin Rodriges-Birkett, Mədəniyyət, gənclər və idman naziri F.Entoni və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər