2014-10-13
Nazir Elmar Məmmədyarov Vyetnam nümayəndə heyətini qəbul etmişdir

2014-cü ilin 13 oktyabr tarixində Nazir Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Vyetnam arasında tarixi əlaqələrin olduğunu bildirərək, ikitərəfli münasibətlərin dinamik surətdə inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd etmişdir. Hələ SSRİ vaxtında ümummilli lider Heydər Əliyevin Vyetnama səfər etdiyini bildirən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama son səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırmışdır.
 
Le Honq Anh Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama səfərinin Azərbaycan-Vyetnam münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına əsaslı töhfə verdiyini deyərək, iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu söyləmişdir. Müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin, o cümlədən müqavilə-hüquq bazasının genişləndirilməsinin münasibətlərin inkişafındakı əhəmiyyətini vurğulayan Le Honq Anh bir sıra sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində  iki ölkənin uğurla əməkdaşlıq etdiyini demişdir.  
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verən Nazir Elmar Məmmədyarov  münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır. 
 
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
növbəti xəbər əvvəlki xəbər