2014-10-06
Nazir Elmar Məmmədyarov Belarus Respublikasının xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 6 oktyabr 2014-cü il tarixində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşmüşdür. 

Görüşdə iki ölkə arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunmuşdur. 

Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 

İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanmışdır. 

Görüş zamanı hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd-təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilmişdir. 

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey tərəfindən birgə mətbuat konfransı keçirilmişdir.

  

növbəti xəbər əvvəlki xəbər