2014-10-06
Nazir Elmar Məmmədyarov Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 6 oktyabr 2014-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdür. 

Görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya çatdırmışdır. 
 
Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. 
 
Belarus Prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirmişdir. O əlavə etmişdir ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri vardır. 
 
Görüşdə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələsi müzakirə edilərək, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq, zənginləşdirilməsinin vacibliyi vurğulanmışdır. 
 
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirmişdir.
növbəti xəbər əvvəlki xəbər