2014-10-01
Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya xarici işlər nazirinin müavini ilə görüşmüşdür

2014-cü ilin 1 oktyabr tarixində xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Viannanı qəbul etmişdir.

Görüş əsnasında Xələf Xələfov Azərbaycan ilə Braziliya arasında əlaqələrin mövcud  səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini qeyd etmişdir. 

Artıq ikincə dəfə Azərbaycana səfər etdiyini bildirən Hadil Fontes da Roşa Vianna iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirmişdir. İqtisadi böhrana baxmayaraq, Azərbaycan ilə Braziliya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq ölkəmizin Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan Xələf Xələfov  münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu qeyd edərək, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini vurğulamışdır.

Xələf Xələfov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən müxtəlif irimiqyaslı layihələr haqqında məlumat verərək, bu layihələrin region dövlətləri arasında əməkdaşlığın inkişafında və ticarət dövriyyəsinin artmasında rolunu diqqətə çatdırmışdır.

Hadil Fontes da Roşa Vianna Braziliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd etmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər