2014-09-26
Nazir Elmar Məmmədyarov İraq Respublikasının xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ilin 25 sentyabr tarixində İraq Respublikasının xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan-İraq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunmuşdur. 

İbrahim Əl-Cəfəri ölkəsindəki vəziyyət barədə məlumat vermiş və son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın bunların bərpasında iştirak imkanlarına baxılmasına xahiş etmişdir.

Nazir Elmar Məmmədyarov İraqa edilmiş son səfərini yüksək qiymətləndirərək, aparılmış görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını tərəf müqabilinin diqqətinə çatdırmışdır.

Nazir Elmar Məmmədyarov iraqlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat vermişdir. Həmçinin, BMT tərəfindən münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edən nazir Elmar Məmmədyarov dost ölkələrin münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli həllinə dəstəyinin yüksək qiymtələndirildiyini demişdir. 

Nazir Elmar Məmmədyarov iraqlı naziri ölkəmizə rəsmi səfərə dəvət etmiş və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər