2014-09-25
Nazir Elmar Məmmədyarov BMT-nin İnkişaf Proqramının rəhbəri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 2014-cü ilin 24 sentyabr tarixində BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşmüşdür.

Görüş əsnasında H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edərək, yaxin vaxtlarda Azərbaycana olacaq səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə etmişdir. 

Nazir Elmar Məmmədyarov xanım H.Klarkın Azərbaycana səfərinin BMT İnkişaf Proqramı və Azərbaycan Höküməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruri olduğunu demişdir. 

Nazir Elmar Məmmədyarov əlavə etmişdir  ki, ölkəmiz humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AİDA (Azerbaycan International Development Agency) təşkilatını yaratmış və inkişaf etməkdə olan donor ölkə statusu qazanmışdır. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırmışdır. 

H.Klark  Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirmişdir.  

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur. 

növbəti xəbər əvvəlki xəbər