2014-09-24
Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin prezidenti ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 24 sentyabr tarixində BMT Baş məclisinin prezidenti Sam Kutesa ilə nəzakət görüşü keçirmişdir.

Görüş əsnasında BMT Baş məclisinin 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılmış və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş məclisi və onun komitələrinin işində fəal iştirak edəcəyini deyərək, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş məclisinin qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulamışdır.

BMT Baş məclisinin prezidenti Sam Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinin aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırmışdır.

O, əminliyini ifadə etmişdir ki, 69-cu sessiya çərçivəsində də Azərbaycan ilə sıx əməkdaşlıq davam etdiriləcəkdir.

 

növbəti xəbər əvvəlki xəbər