2014-09-18
Nazir Elmar Məmmədyarov Monteneqronun Baş naziri ilə görüşmüşdür

2014-cü ilin 18 sentyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşmüşdür.

Görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan ilə Monteneqro arasında əlaqələrin sürətlə inkişaf etdiyini və qısa müddət ərzində ikitərəfli əməkdaşlıqda böyük uğurlara imza atıldığını demişdir.

Monteneqronun Baş naziri Milo Cukanoviç ölkələrimiz arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edərək, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Baş nazir Artur Rasi-dazə ilə məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırmışdır.

Siyasi səviyyədə iki ölkə arasında qarşılıqlı anlaşmanın olduğunu deyən Baş nazir Milo Cukanoviç iqtisadi əlaqələr və investisiyaların yatırılması sahəsində Azərbaycan ilə Monteneqro arasında sıx əməkdaşlığın olmasını məmnuniyyətlə qeyd etmişdir.

Ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndiyini və hökumətlərarası komissiyanın səmərəli şəkildə fəaliyyət göstərdiyini bildirən Baş nazir Milo Cukanoviç bu gün təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişin humanitar sahədə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulamışdır.

O, möhkəm təmələ əsaslanan Azərbaycan-Monteneqro əlaqələrinin bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcəyini bildirmişdir.

Görüşdə enerji sahəsində əməkdaşlıq, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər